Autizm Portalı 2018-ci ildə bp və tərəfdaşları ilə Birgə və Sağlam İctimai Birliyinin birlikdə həyata keçirdiyi “Autizm spektr pozuntusu olan şəxslərə dəstək” adlı sosial layihə çərçivəsində hazırlanmışdır.
Layihənin mühüm tərkib hissəsi olaraq hazırlanan Autizm Portalının əsas məqsədi bu sahədə fəaliyyət göstərən mütəxəssislərə və autizmli övlada sahib valideynlərə dəstək olmaq, müasir biliklərə əlçatımlılıqlarını təmin etməkdən ibarət olmuşdur. Portal eyni zamanda başda autizmli olmaqla, daun sindromlu, ümumi inkişaf geriliyi diaqnozu qoyulan uşaqlara sahib ailələrə övladlarının əsasən dil və öyrənmə bacarıqlarını öz evlərində inkişaf etdirmə fürsəti təklif edir.
Portal, ailələrə mürəkkəb təlim sisteminin sadələşdirilmiş versiyasını təqdim edir. Bununla yanaşı övladı yeni autizm diaqnozu alan və ya danışıqla əlaqədar müəyyən çətinliyi olan fərdlərə faydalı məlumatlar təmin etməkdədir. Praktik və asan istifadə oluna bilən Autizm Portalında yer alan məlumatlar ümumilikdə bu sahədə Azərbaycan dilində məhdud olan resursların dijital formada daha rahat əldə edilməsinə imkan verəcəkdir. Portalın autizm haqqındakı hissəsində “Autizm nədir?” sualına cavab verilməklə bərabər müxtəlif video materiallar və yazılı məlumatlar vasitəsi ilə istifadəçilərə bu istiqamətdə ətraflı informasiyalar verilməkdədir. Təlim proqramları hissəsində yer alan materiallar autizmli uşaqlara müəyyən bacarıqların daha praktik şəkildə öyrədilməsinə dəstək olacaqdır. 10 müxtəlif proqramdan ibarət olan bu materialların əsas üstünlüyü görüntülü və yazılı məlumatların eyni zamanda təqdim olunmasından ibarətdir. Bu hissədəki proqramlar aşağıdakı mövzuları əhatə edir.
Proqram 1: Uşaqlara onların ehtiyac hiss etdikləri bacarıqları öyrətmək üçün hazırlanın
Proqram 2: Uşaqlara istək bildirməyi öyrətmək
Proqram 3: Uşaqlara adına reaksiya verməyi və sadə təlimatları yerinə yetirməyi öyrətmək
Proqram 4: Uşaqlara ətrafındakı əşyaları tanımağı öyrətmək
Proqram 5: Uşaqlara insanların hərəkətlərini təqlid etməyi öyrətmək
Proqram 6: Uşaqlara eyni əşyaları eyniləşdirməyi və sinifləndirməyi öyrətmək
Proqram 7: Uşaqlara üz hərəkətlərini, üz ifadələrini və sözləri təqlid etməyi öyrətmək
Proqram 8: Uşaqlara əşyaların adlarını öyrətmək
Proqram 9: Uşaqlara sadə suallara cavab verməyi öyrətmək
Proqram 10: Uşaqlara tualet bacarıqlarını öyrətmək
Azercell şirkətinin dəstəyi ilə “Birgə və Sağlam” İctimai Birliyi tərəfindən “Onlayn Autizm Portalının İnkişaf Etdirilməsi” layihəsi çərçivəsində portalın məzmunu zənginləşdirilmiş, istifadəçilərin məlumatlara rahat çıxışını təmin etmək üçün portalın funksional imkanları artırılmış, həmçinin dayanıqlı fəaliyyət göstərməsi üçün texniki parametlər üzrə təkmilləşdirmə işləri görülmüşdür. Layihə çərçivəsində portalın resurs bölməsi yaradılmış, mütəxəssislər üçün faydalı videomateriallar, yeni oxu materialları hazırlanaraq müvafiq bölmələrə yerləşdirilmişdir.
“USAID" və “The Black Sea Trust for Regional Cooperation" qurumlarının təşkilati dəstəyi ilə “Hər Kəs Üçün Bərabər Təhsil Hüquqları” layihəsi çərçivəsində portalda təkmilləşmə işləri aparılmışdır. Onlayn və Oflayn təlim bölmələri məhz bu layihə çərçivəsində hazırlanmışdır.
Portalın “Tez-Tez Verilən Suallar” bölməsində autizm sahəsində işləyən mütəxəsisləri və autizmli övladlara sahib ailələri maraqlandıran əsas suallara cavablar verilmişdir.
Bütün bunlarla yanaşı portalın ümumi məzmununda, burada istifadə olunan fikir və mülahizələrə görə dəstək verən qurumlar heç bir məsuliyyət daşımır .