Autizmin erkən diaqnostikasında yenilik


ABŞ-ın Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinin məlumatında görə ABŞ-də uşaqların 3%-i autizmlidir. Bununla əlaqədar olaraq İndiana və Perdyu Universitetləri autizmin erkən diaqnostikası üzrə tədqiqat aparırlar.

İndiana Universiteti Tibb Fakültəsinin dosenti Rebecca McNally Keehn bildirir: “Diaqnozun qoyulması xidməti üzrə ölkədə kifayət qədər mütəxəssis yoxdur. Ailələr diaqnozun qoyulması üçün bir il, hətta daha çox gözləməli olurlar. Diaqnozun gec qoyulması ona görə problem hesab edilir ki, uşaqlar gözləməklə erkən müdaxilə imkanlarından məhrum olurlar.”

Rebecca Keehn sözügedən araşdırmanın baş tədqiqatçısıdır. Bu tədqiqat layihəsi çərçivəsində İndiana ştatının ilkin tibbi yardım klinikalarında göz hərəkətlərini izləmə biomarkerləri vasitəsilə autizmin erkən diaqnozu üzrə araşdırma aparılır. Araşdırmaya 14-18 aylarında olan 146 uşaq cəlb edilib.

Rebecca Keehn qeyd edib ki, diaqnostik biomarkerlər diaqnoza dair əlahiddə və obyektiv göstəricilər təmin edən xüsusiyyətlərdir. İradi və qeyri-iradi diqqət və beyin funksiyasını ölçən biomarkerlər autizmli uşaqları digər neyroinkişaf ləngiməsi olan uşaqlardan fərqləndirməyi bacarıb. Göz hərəkətlərinin izlənməsi üçün uşaqlar stulda, yaxud valideynin qucağında oturub kömpüterdə video izləyir. Bu müddət ərzində tədqiqatçılar uşaqların göz hərəkətlərini və göz bəbəklərini izləyir.

Bu biomarkerlərə xeyli investisiya qoyulsa da, onlardan dəqiq diaqnozun qoyulması üçün klinik məqsədlərlə istifadə edilməsində müəyyən çətinliklər var. İlkin tibbi diaqnozun nəticələri biomarker ölçmələri ilə birləşdirildikdə diaqnozun dəqiqliyi 91%, spesifikliyi isə 87% təşkil edir. Bu isə diaqnozun dəqiqliyini artırır. Bu cür tədqiqatlar tibb işçilərini multidissiplinar diaqnoz yanaşmaları ilə təmin etməklə autizmin erkən müəyyənləşdirilməsinə dəstək ola bilər.


 


Mənbə


neurosciencenews.com